RƏSMİ
Prezident İlham Əliyev Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidentini qəbul edib
05.07.2024 [21:13]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Şuşada Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarı qəbul edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı Ersin Tatar ilə Bakıda və digər beynəlxalq tədbirlər çərçivəsində keçirdiyi görüşləri məmnunluqla xatırladı.
Söhbət zamanı nəqliyyat, əlaqələr və iqlim fəaliyyəti vasitəsilə dayanıqlı gələcəyin qurulması mövzusunda keçiriləcək qeyri-rəsmi Zirvə toplantısının Türk Dövlətləri Təşkilatının gündəliyində duran məsələlərin dövlət və hökumət başçıları səviyyəsində müzakirəsi və reallaşdırılması baxımından əhəmiyyəti qeyd olundu. Bu tədbirin müntəzəm xarakter alacağına ümidvarlıq bildirildi, onun Türk dünyasının inkişafına, birliyinə xidmət edəcəyi vurğulandı.