DÜNYA


Çin “Şencou-19” kosmik missiyasını uğurla orbitə çıxarıb

Çinin kosmik stansiyasında fəaliyyət göstərmək üçün növbəti astronavtlar qrupu olan “Şencou-19” (“Shenzhou-19”) missiyasına start verilib.
AZƏRTAC xəbər verir ki, “Şencou-19” kosmik gəmisini orbitə aparan “Böyük yürüş-2F” (“Long March-2F”) daşıyıcı raketinin buraxılışı Qobi səhrasındakı Ciuçüən kosmodromunda oktyabrın 30-da Pekin vaxtı ilə səhər saat 04:27-də baş tutub. “Şencou-19” missiyasında astronavtlar Çay Sucı (heyətin kapitanı), Son Lindon və xanım Van Haocı iştirak edirlər. Bu, Çinin orbitə göndərdiyi 14-cü pilotlu missiyasıdır. Çay Sucı “Şencou-14” missiyasının üzvü kimi 2022-ci ildə kosmosda olub. Çinin 3-cü nəsil astronavtlarından olan keçmiş hərbi pilot Son Lindon və mühəndis Van Haocı isə ilk dəfə kosmosa uçub. Van Haocı Çinin kosmosa uçan 3-cü qadın astronavtı və hazırda yeganə mühəndis-astronavtıdır. Onların hər ikisi 1990-cı illərdə dünyaya gələn astronavtlardır.