SİYASƏT
Allahşükür Paşazadə: Yaşıl iqtisadiyyat modeli bəşəriyyətə daha harmonik inkişaf imkanı bəxş edir
Qloballaşan dünyada meydana gətirilən yeni təhlükəli meyillər - əsrlərlə insan təfəkküründə, mənəviyyatında yer almış əxlaqi-etik meyarların təhrif olunması, dini-mədəni dəyərlərə təcavüz mütərəqqi dünya ictimaiyyətini narahat edir. Din xadimi kimi deyə bilərəm ki, bəşəriyyətin gələcəyinə təhlükə yaradan problemlərin, o cümlədən, qlobal istiləşmə və digər iqlim problemlərinin əsas mənbəyi ilahi düzənin pozulması, insanların ilahi qanunlardan, mənəvi-əxlaqi köklərindən ayrı salınmasıdır. Yaşadığımız humanitar böhranlar çağdaş dünyada törədilən ekoloji və müharibə cinayətləri, ekosistemin pozulması, münbit torpaqların və su mənbələrinin yararsız hala salınması səbəbindən yaşanır.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində noyabrın 5-də keçirilən "Dünya dinləri yaşıl planet uğrunda" mövzusunda Dünya dini liderlərinin qlobal Bakı Sammitinin açılış mərasimində Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə deyib.