CƏMİYYƏT


Leyla Əliyeva COP29 çərçivəsində bəbirlərin mühafizəsinə həsr olunmuş tədbirdə çıxış edib

Noyabrın 21-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN), IDEA (Ətraf Mühitin Mühafizəsi Naminə Beynəlxalq Dialoq) İctimai Birliyinin (İB) və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) birgə təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Dəyişən iqlim şəraitində bəbirlərin mühafizəsi” mövzusunda panel müzakirələri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İB-nin təsisçisi və rəhbəri Leyla Əliyeva tədbirin açılışında çıxış edərək iqlim dəyişmələrinin və qlobal ekoloji sistemdə mənfi tendensiyaların müşahidə edilməsinin Qafqaz bəbirləri də daxil olmaqla, bir çox canlının populyasiyasını təhlükə altına qoyduğunu bildirib. Qeyd edib ki, temperaturun yüksəlməsi və digər çoxsaylı təbii kataklizmlər bəbirlərin təbiətdə sağ qalmasını çətinləşdirir.