CƏMİYYƏT
Göyçayda “KOB Fest” sərgi-satış yarmarkası keçirilir
03.12.2024 [16:32]
Regionlarda fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektlərinin məhsul və xidmətlərinin tanıdılması və satış imkanlarının genişləndirilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə bölgələrdə keçirilən “KOB Fest” sərgi-satış yarmarkaları davam edir.
AZƏRTAC xəbər verir ki, növbəti “KOB Fest” Göyçay rayonunda keçirilir.
Bu gün başlayan və üç gün davam edəcək yarmarkada Göyçay, eləcə də ətraf şəhər və rayonlardan 70-ə yaxın KOB subyektinin məhsul və xidmətləri təqdim olunur. Yarmarkaya çıxarılan məhsullar arasında kənd təsərrüfatı və sənaye məhsulları, o cümlədən un məmulatları, tekstil, sərinləşdirici içkilər, suvenirlər, meyvələr, arıçılıq məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri üstünlük təşkil edir.