CƏMİYYƏT
Bakıda II İoann Pavelin şərəfinə tikiləcək yeni kilsənin yerləşəcəyi ərazinin təqdis olunması münasibətilə qəbul keçirilib
14.12.2024 [22:28]
Azərbaycanda II İoann Pavelin şərəfinə tikiləcək katolik kilsəsinin yerləşəcəyi ərazinin Müqəddəs Taxt-Tacın Dövlətlər və Beynəlxalq Təşkilatlarla əlaqələr üzrə katibi arxiyepiskop Paul Riçard Qallager tərəfindən təqdis edilməsi münasibətilə dekabrın 14-də Bakıda qəbul keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayev bildirib ki, dostluq və sıx əməkdaşlığa əsaslanan Azərbaycan-Müqəddəs Taxt-Tac əlaqələri müsbət məcrada inkişaf edir. O, 1997-ci ildə Ulu Öndər Heydər Əliyevin və 2005-ci ildən etibarən Prezident İlham Əliyevin Vatikana, 2002-ci ildə Roma Papası II İoann Pavelin, 2016-cı ildə isə Roma Papası Fransiskin Azərbaycana səfərlərini xatırladıb, bu səfərlərin iki ölkə arasındakı əlaqələrin indiki səviyyəyə yüksəlməsinə böyük təkan verdiyini vurğulayıb.