CƏMİYYƏT
Dövlət Komitəsində “Etnik təmizləmənin dörd mərhələsi” kitabının müəllifi ilə görüş olub
17.12.2024 [15:12]
Qərbi Azərbaycandakı tarixi torpaqlarından azərbaycanlıların məcburi deportasiyası, əslində, etnik təmizlənməsi ötən yüzillikdə dörd mərhələdə həyata keçirilib və həmin ərazidə monoetnik erməni dövlətinin yaradılması, onun ərazisinin genişləndirilməsi məqsədi daşıyıb. Dəhşətli cinayətlərlə, qəddarlıq və vəhşiliklərlə müşayiət olunan kütləvi köçürülmə kampaniyaları arasındakı dövrlərdə də azərbaycanlı əhaliyə qarşı təxribatlar, mənəvi-fiziki təzyiqlər davam etdirilib. Bu barədə tarixi həqiqətlərin daha fəal şəkildə beynəlxalq ictimaiyyətə, həmçinin xalqımızın gənc nəsillərinə çatdırılması vacibdir. ABŞ-da yaşayan və orada elmi-pedaqoji fəaliyyətlə məşğul olan siyasətşünas alim Əli Əskərin “Etnik təmizləmənin dörd mərhələsi” kitabı da belə mühüm bir missiyanı yerinə yetirir. Kitab orijinalı ingilis dilində olan monoqrafiyadan ixtisarla tərcümə edilib.