CƏMİYYƏT
Paytaxtın Qala qəsəbəsində qanunsuz inşa edilən tikili sökülüb
23.12.2024 [12:09]
Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən səlahiyyətləri çərçivəsində respublika ərazisində qanunsuz tikintilərlə bağlı müvafiq tədbirlərin görülməsi işləri davam etdirilir. Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən rayonun Qala qəsəbəsi ərazisində qanunsuz tikinti işlərinin aparılması faktı aşkarlanıb və bu barədə müvafiq tədbirlərin görülməsi məqsədilə FHN-ə müraciət edilib. Müraciət əsasında FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən Xəzər Rayon İcra Hakimiyyəti nümayəndələrinin iştirakı ilə həyata keçirilən tədbirlər nəticəsində qanunsuz inşa olunan tikili sökülüb.