CƏMİYYƏT
Ağdam Sənaye Parkının məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur
05.01.2025 [12:28]
Ağdam Sənaye Parkında yerləşən “Metkons” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodunda Türkiyə, İtaliya, Rusiya və Çin texnologiyaları tətbiq edilib. Ümumi investisiya dəyəri 3,9 milyon manat olan zavodda yüngül metal konstruksiyalar, məhəccərlər, mənzil giriş qapıları, havalandırma kanalları, yanğın dolabları və digər məhsullar istehsal edilir. “Metkons” MMC-nin istehsalat rəhbəri Xəyal Quliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, zavodda istehsal olunan məhsullar daxili bazarın tələbatının ödənilməsi üçün nəzərdə tutulub. Hazırda zavodun məhsulları işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında istifadə olunur. Hədəf gələcəkdə Azərbaycanın bütün bölgələrini zavodun məhsulları ilə təmin etməkdir.