Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan növbəti seminar-müşavirə Şirvanda keçirilib

18.01.2025 [18:39]

Xəbərin mətni

2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının Daxili İşlər Nazirliyi (DİN) ilə birgə layihəsi çərçivəsində növbəti seminar-müşavirə Şirvan şəhərində keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Şirvan Şəhəri Gənclər Mərkəzində keçirilən görüş, bələdiyyə seçkilərində polisin xidməti fəaliyyətinə həsr olunub. Seminar-müşavirədə Mərkəzi Seçki Komissiyasının və Daxili İşlər Nazirliyinin nümayəndələri, dairə seçki komissiyalarının sədrləri, polis idarələri və şöbələrinin nümayəndələri iştirak ediblər.

Müşavirədə Mərkəzi Seçki Komissiyasının üzvü Fuad Cavadov, Şirvan Şəhər Polis Şöbəsinin rəisi Füzuli Əhmədov açılış nitqləri ilə çıxış ediblər. Bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsində, seçkiqabağı təşviqat dövründə, habelə səsvermə günü və ondan sonrakı proseslərdə polis əməkdaşlarının qanunvericiliklə müəyyənləşdirilmiş rol və vəzifələrindən danışılıb.