Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Bələdiyyə seçkiləri ilə əlaqədar 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninqlər təşkil olunub

19.01.2025 [17:27]

Xəbərin mətni

Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar dairə və məntəqə seçki komissiyalarının bütün üzvlərinin iştirakı ilə hazırlığın artırılması, seçki sahəsində bilik, bacarıq və işgüzar vərdişlərin təkmilləşdirilməsi, xüsusilə protokolların düzgün doldurulması istiqamətində 8 saylı Binəqədi birinci seçki dairəsində növbəti treninq təşkil olunub.

AZƏRTAC xəbər verir ki, treninqdə çıxış edən 8 saylı Binəqədi birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Natiq Əliyev seçki dairəsi üzrə hazırda 37-si daimi, 1-i isə müvəqqəti olmaqla ümumilikdə 38 seçki məntəqəsinin fəaliyyət göstərdiyini qeyd edib. Bildirib ki, bu günə qədər seçki dairəsi üzrə 48 min 688 seçici qeydə alınıb.

Onların 45 faizini kişilər, 55 faizini isə qadınlar təşkil edir. Seçicilərin 927 nəfəri 80-100 yaşlı insanlardır. 301 nəfəri isə ilk dəfə səs verəcək gənclərdir.

Vurğulanıb ki, Mərkəzi Seçki Komissiyası (MSK) tərəfindən məntəqələr bütün zəruri əşyalarla təchiz olunub.