Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Ağdamın Sarıcalı, Kəngərli və Xıdırlı kəndləri doğma sakinlərini qarşılamağa hazırlaşır

22.01.2025 [15:15]

Xəbərin mətni

Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün yenidən qurulur. Böyük Qayıdış proqramı çərçivəsində Ağdam şəhəri ilə yanaşı Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində də genişmiqyaslı tikinti-quruculuq işləri həyata keçirilir, infrastruktur layihələri icra olunur.
Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin mətbuat katibi Leyla Sarabi AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sarıcalı kəndində 203, Kəngərli kəndində 292, Xıdırlı kəndində isə 719 fərdi yaşayış evi inşa edilir. Qeyd edilən hər 3 kənddə fərdi yaşayış evləri ilə yanaşı məktəblər, uşaq bağçaları, klub icma mərkəzləri, bayraq meydanı, bazar kompleksləri, məişət xidməti obyektləri, Ailə Sağlamlıq mərkəzləri, emalatxanalar, çoxfunksiyalı binalar və digər iaşə obyektləri də tikilir. Bu 3 kəndə yaxın vaxtlarda ilk köç planlaşdırılır.