Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Öyrənməyin yaşı yoxdur: Peşə Təhsil Mərkəzinin 68 yaşlı tələbəsi

23.01.2025 [09:53]

Xəbərin mətni

Ətrafdakı tələbələrin çoxu onun nəvəsi yaşındadır. Ancaq bu, onu öz yolundan çəkindirmir. 68 yaşlı Qətibə İsayeva peşə öyrənmək üçün parta arxasında oturmaq qərarına gəlib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, İsmayıllı Dövlət Peşə Təhsil Mərkəzinin “Qənnadıçı-şirniyyatçı” ixtisasına qəbul olan Qətibə xanım 1956-cı ildə Bakıda anadan olsa da, ailə həyatı qurduqdan sonra İsmayıllı rayonunda yaşayıb. Hazırda evdar xanımdır, eyni zamanda, təqaüdçüdür. Oxumaqdan, bilik və bacarıqlarını artırmaqdan yorulmayan müsahibimiz övladları, doğmaları üçün tez-tez bir-birindən dadlı şirniyyatlar da bişirir. Qənnadıçılığı bacarsa da, bu peşənin sirlərini daha da dərindən öyrənmək istəyib və ona görə də Peşə Təhsil Mərkəzində yeni biliklərə yiyələnir.