Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Muxtar Babayev: Ağacların qurumasının əsas səbəblərindən biri iqlim dəyişmələridir

31.01.2025 [18:04]

Xəbərin mətni

Ağacların zərərverici və xəstəliklərə yoluxaraq qurumasının əsas səbəblərindən biri iqlim dəyişmələridir. Qlobal istiləşmə xəstəliklərin əmələ gəlməsinə təsir edir. Bundan əlavə, ağaclar yaşından, su azlığından və digər səbəblərdən də xəstələnə və quruya bilər. Aşkarladığımız hallara qarşı mübarizə aparır, dezinfeksiya işləri görür, ağacların qorunması üçün tədbirlər həyata keçiririk. Amma elə xəstəliklər var ki, onlar haqqında məlumatlar çox deyil və hazırda öyrənilir. Təəssüf ki, bu cür xəstəliklər çox ərazidə var. İnanıram ki, alimlər bu xəstəliklərə qarşı da mübarizə üsulunu tapacaqlar. Bizim işimiz həmin xəstəliklərə yoluxaraq quruyan ağacların yeniləri ilə, daha dayanıqlı Eldar şamı, Xan çinarı kimi növlərlə əvəz olunmasından ibarətdir. Hazırda müxtəlif rayonlarda bu istiqamətdə işlər davam etdirilir. Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev söyləyib.