Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Bu divarlar bizim üçün çox doğmadır...” – 69 yaşlı AzTV-dən REPORTAJ

14.02.2025 [11:32]

Xəbərin mətni

Bu gün Azərbaycan televiziyasının (AzTV) yaranma tarixidir. 69 il bundan əvvəl, ağ-qara təsvirdə “Diqqət-diqqət, göstərir Bakı” sözləri ilə efirə çıxan televiziya ötən illər ərzində mürəkkəb və şərəfli inkişaf yolu qət edib. Hələ yarım əsr bundan əvvəl Azərbaycan tamaşaçısı ölkədə və dünyada baş verənləri televiziya ekranlarından görməyə AzTV-dən başlayıb. Zaman keçdikcə isə tamaşaçılar bu ağ-qara ekranlı “qutu”nun təkcə xəbər yayımlamaq funksiyası daşımadığını, insanları maarifləndirməyə xidmət etdiyini də görüblər. Sonralar maddi-texniki cəhətdən inkişaf edərək tamaşaçıların rəngli verilişlərlə gözlərini oxşayan dövlət televiziyası artıq müasir standartlara əsaslanan rəqəmsal yayıma keçib. 1990-cı illərdən etibarən ölkədə bir sıra özəl telekanallar yaranmağa başlasa da, AzTV tamaşaçılar üçün yeganə dövlət televiziya kanalı funksiyasını daşıyır.