Azərbaycan Dövlət İnformasiya Agentliyi

Əsgəran qala-kompleksində açıq səma altında tarixi park yaradılacaq

21.02.2025 [17:58]

Xəbərin mətni

Azərbaycan dövləti xalqımızın milli-mədəni irsinin qorunub saxlanmasına xüsusi diqqət və qayğı göstərir. Torpaqlarımız işğal altında olduğu dövrdə Ermənistan tərəfindən dağıdılan, məhv edilən irsimiz, o cümlədən tarixi, dini abidələrimiz bu gün dövlətimiz tərəfindən təmir-bərpa edilir, yenidən qurulur. Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi ilə Heydər Əliyev Fondu da bu işlərə mühüm töhfə verir. Şuşada Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin, Vaqifin büstünün, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəlinin yenidən qurulması, eyni zamanda, Mehmandarovların malikanə kompleksinin təmiri, Zəngilan məscidinin bərpası, Ağdam Cümə məscidinin tikinti-bərpası bu işlərdən bəziləridir. Görülən tədbirlər, eyni zamanda, bölgənin turizm potensialının inkişafına müsbət təsir göstərir. Bu baxımdan, Əsgəran qala-kompleksinin bərpası, tarixən malik olduğu şöhrətinin özünə qaytarılması xalqımızın çoxəsrlik zəngin mədəniyyətinin, memarlıq və şəhərsalma sənətinin tanıdılmasına xidmət edir.