CƏMİYYƏT
Bakıda “Kənddən şəhərə” Novruz yarmarkası fəaliyyətə başlayıb
08.03.2025 [16:24]
Novruz bayramı ilə əlaqədar olaraq martın 8-dən 19-dək Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyindəki “Aqrar Tədarük və Təchizat” ASC “Kənddən şəhərə” Novruz yarmarkası təşkil edib. 8 Mart - Beynəlxalq Qadınlar Günündə fəaliyyətə başlayan yarmarka paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının çıxışı) ünvanında açılıb. Yarmarkada Novruz bayramının əsas personajları sayılan Kosa və Keçəl qadın alıcı və satıcılara gül bağışlayaraq onların bayramlarını təbrik edirdilər. Onlar yarmarkaya üz tutanlara əsl bayram əhval-ruhiyyəsi yaşadırdılar. Uşaqların əylənməsi üçün yarmarkada xüsusi guşə də yaradılmışdı. Həftəsonu, səhər saatları olmasına baxmayaraq, şəhər sakinləri hər bir azərbaycanlının bayram süfrəsini bəzəyən məhsullardan almaq üçün yarmarkaya axışırdırlar. Buna səbəb məhsulların qiymətinin bazardan xeyli ucuz olmasıdır.