Naxçıvan Dövlət Universitetində Dayanıqlı İnkişaf Mərkəzi açılıb
14.03.2025 [20:09]
Naxçıvan Dövlət Universitetində (NDU) Dayanıqlı İnkişaf Mərkəzinin açılışı olub. Mərkəz NDU və “İstedad-XXI əsr” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) hazırlıq kurslarının birgə dəstəyi ilə yaradılıb. Universitetin Media və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, mərkəz dayanıqlı inkişafın 17 məqsədinin icrasına töhfə verməyi hədəfləyir. Bu əsasda texniki və pedaqoji elmlər üzrə yaşıl enerji, dayanıqlı şəhərlər, təmiz su, gender bərabərliyi, keyfiyyətli təhsil və sağlam həyat kimi istiqamətlərdə fəaliyyət göstəriləcək. Eyni zamanda, universitetdə siyasət sahəsi üzrə sənədlərin və hesabatların hazırlanması, elmi tədqiqatların aparılması da mərkəzin fəaliyyətində nəzərdə tutulur.