Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Erkən müayinə can qurtarır” adlı tibbi aksiyanın növbəti ünvanı Sabirabad olub

15.03.2025 [17:24]

Xəbərin mətni

Səhiyyə Nazirliyi və “PAŞA Holding”in birgə təşkilatçılığı ilə “Erkən müayinə can qurtarır” adlı növbəti aksiya Sabirabad rayonunda reallaşıb. Diabet xəstəliyinin erkən müayinəsi üçün təşkil olunan aksiyada Sabirabad və ətraf rayon sakinləri aktiv iştirak ediblər. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tibbi müayinə “Sabirabad” klinikasında təşkil edilib. "Fərqindəlik" layihəsinin rəhbəri Şəbnəm Həsənova bildirib ki, "Erkən müayinə can qurtarır" adlı tibbi müayinə ikinci dəfədir keçirilir və bu dəfə Sabirabadda təşkil olunub. Kampaniya ölkə üzrə 24 rayonu əhatə edəcək, o cümlədən işğaldan azad edilən rayonlarda da təşkil olunacaq. Aksiyanın məqsədi diabet xəstəliyinin erkən mərhələlərində diaqnostikasını aparmaq, xəstəliyin qarşısını almaq və yerli əhali arasında sağlam həyat tərzi barədə maarifləndirməni gücləndirməkdir.