Azərbaycan Dövlət İnformasiya Agentliyi

Səmada, quruda, dənizdə Vətənə peşəkar xidmətin ünvanı - Heydər Əliyev adına Hərbi İnstitut

18.03.2025 [15:00]

Xəbərin mətni

Hər bir dövlətdə cəmiyyətin aparıcı qüvvəsi gənclərdir. Öz gələcəyini parlaq görmək istəyən xalqlar, dövlətlər gənclərin mütəşəkkil formada, fiziki və mənəvi cəhətdən sağlam yetişməsi naminə var qüvvəsi ilə çalışır. Azərbaycanda da həm dövlət, həm də cəmiyyətimiz tərəfindən milli məfkurəyə sadiq, ölkənin siyasi nüfuzunun və hərbi qüdrətinin yüksəlməsinə xidmət edən gənclərin formalaşması üçün aparılan işlər öz bəhrəsini verib. Hər kəs bunun bariz nümunəsinə 44 günlük Vətən müharibəsində ordu sıralarına yeni qoşulan əsgərlərin belə öz yaşlarından böyük qəhrəmanlıqlar göstərməsi ilə şahidlik etdi. Bu məqamda Zəfərə gedən yolda peşəkar kadrların hazırlanmasının rolunu, Heydər Əliyev adına Hərbi İnstitutun kursant və məzunlarının şanlı Qələbəmizdəki əvəzsiz xidmətlərini vurğulamaq yerinə düşər. Əminliklə demək olar ki, həmin institutda Azərbaycan Silahlı Qüvvələrinə gərək olan bütün ixtisaslar üzrə zabitlər hazırlanır.