Laçında Torpaq çərşənbəsinin tonqalı qalanıb
18.03.2025 [21:02]
Laçın, baharı öz doğma sakinləri ilə qarşılayıb. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi Laçında təntənə ilə qeyd edilib. Həmçinin bayram tədbirində Laçında ərsəyə gələn məhsullar və sakinlərin əl işləri sərgilənib, milli adətlərimizə uyğun müxtəlif əyləncəli proqramlar nümayiş olunub. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Laçın rayonunda Azərbaycan Prezidentinin xüsusi nümayəndəliyinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətinin və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə “Laçınımıza bahar gəlir” adlı bayram şənliyi keçirilib. Tədbirdə Laçın sakinləri, rəsmi şəxslər, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.