Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə çəkilən avtomobil yolu turizmin inkişafına da töhfə verəcək
19.03.2025 [21:05]
Azərbaycanın dövlət siyasətində yol infrastrukturunun yaxşılaşdırılması prioritet istiqamətlərdəndir. Dövlətimizin başçısının tapşırıq və göstərişlərinə əsasən, yol təsərrüfatının bərpası, yenidən qurulması və müasir standartlara uyğunlaşdırılması istiqamətində işlər işğaldan azad olunmuş ərazilərdə də sürətlə davam etdirilir. Bu ərazilərdə icra olunan yol layihələri yenidən öz doğma torpaqlarına qayıdan əhalinin həyat şəraitinin yaxşılaşdırılması, iqtisadi əlaqələrin gücləndirilməsi və təhlükəsiz nəqliyyat şəbəkəsinin təmin edilməsi baxımından da önəm daşıyır. Sərsəng su anbarından Ağdərə rayonunun Umudlu kəndinə gedən avtomobil yolunun yenidən qurulması da belə layihələrdən biridir. Həyata keçirilən yenidənqurma işləri bu yolda rahat gediş-gəlişi təmin edəcək, yük və sərnişin daşınmasını asanlaşdıracaq, bölgənin turizm potensialının inkişafına da töhfə verəcək.