Azərbaycan Dövlət İnformasiya Agentliyi

Nasaz avtomobil qəzaya səbəb oldu

02.05.2025 [11:36]

Texniki nasaz avtomobilin yolun orta zolağında qalması, təhlükəsizlik tədbirlərinin görülməməsi və ara məsafəsinin saxlanılmaması yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub. Hadisə paytaxtın Nizami rayonu, Heydər Əliyev prospekti, “Koroğlu” m/st-nın yaxınlığında baş verib. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Ömər Xıdırovun sözlərinə görə, prospektdən mərkəz istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilində texniki nasazlıq yaranıb və sürücü belə məqamda “Yol hərəkəti haqqında” qanunun 55-ci maddəsinin müvafiq bəndlərini əsas götürmək əvəzinə, avtomobildə yaranan nasazlığı həll etməyə çalışıb. Nəticədə yolda hərəkət edən digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaranıb və digər sürücünün  ara məsafəsi saxlamaması da yol-nəqliyyat hadisənin baş verməsini qaçılmaz edib.