Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bahar Muradova: Türk dünyasında ailələrin hansı problemlərlə qarşılaşdığına dair ortaq baza yaratmalıyıq

11.06.2025 [18:02]

Xəbərin mətni

Türkiyə çox böyük tarixi olan bir dövlətdir. Orada ailələrlə bağlı görülən işlərin miqyası böyükdür. Bundan əlavə, milyonlarla ailənin problemini həll etmək və bunları da dünyaya örnək göstərmək çətin və vacib işdir. Biz Türk dünyasında ailəni, sadəcə, sosial institut kimi deyil, milli kimliyimizin təməli, sabitliyin, təhlükəsizliyin amili kimi qiymətləndiririk. İstənilən ölkənin siyasətində bu istiqamət ayrıca yer tutur. Zaman sürətlə dəyişir, ailələr sosial media, urbanizasiya, miqrasiya problemləri ilə qarşılaşırlar. Dövlətlər bu problemləri gözardı edə bilməz. Çünki ailə dəyərlərini qorumaq, sadəcə, mədəni deyil, həm də strateji məsələdir. Bu fikirləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Bakıda Türk Dövlətləri Təşkilatının Ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində keçirilən "Güclü ailələr, güclü toplumlar: TDT ölkələrində ailəni dəstəkləyici siyasətlər" adlı tədbirdə səsləndirib.