Deputat: Vaşinqton razılaşmaları fövqəladə əhəmiyyət kəsb edir
09.09.2025 [17:41]
Bu ilin avqust ayının 8-də Vaşinqtonda əldə edilmiş razılaşmalar həm məzmununa görə, həm də Prezident İlham Əliyevin müstəsna liderliyinin göstəricisi kimi fövqəladə əhəmiyyət kəsb edir. Əldə edilmiş razılaşmalarla Ermənistanın 1987-ci ildə başlatdığı münaqişə və qarşıdurma səhifəsi qapanır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıb, münaqişənin keçmişdə qaldığını qəbul edib, Azərbaycanın qərb rayonları ilə onun Naxçıvan Muxtar Respublikası arasında maneəsiz kommunikasiyasına şərait yaratmaq öhdəliyini yeniləyib və bir daha sülhə təhlükə yaradacaq addımlar atmamaq öhdəliyi götürüb. Həmçinin 30 il ərzində Azərbaycana qarşı qərəzin simvoluna çevrilmiş Minsk qrupu ləğv edilib. Beləliklə, Ermənistan və Azərbaycan arasında sülh faktiki olaraq bərqərar olunub. Bu fikirləri Milli Məclisin deputatı Qaya Məmmədov parlamentin növbədənkənar sessiyası çərçivəsində “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusunda keçirilən bugünkü xüsusi iclasda çıxışı zamanı səsləndirib.