Qarabağ dirçəlir: Qırmızı Bazar sakinlərinin sevincli günləri başlayıb
17.09.2025 [13:26]
Qarabağın dilbər guşələrindən olan Xocavəndin Qırmızı Bazar qəsəbəsi uzun illərin həsrətindən sonra yenidən canlanır. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun həyata keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində nəzarətimizə keçən tarixi yurd yerimizdə həyat yenidən qaynayır. Prezident İlham Əliyev sentyabrın 14-də Qırmızı Bazar qəsəbəsində olub, görülən işlərlə maraqlanıb, qəsəbəyə köçmüş İslam Dadaşovun ailəsinə baş çəkib. AZƏRTAC-ın bölgə müxbiri qəsəbəyə yollanaraq İslam Dadaşovla görüşüb, bu görüşün təəssüratlarını onun dilindən qələmə alıb. Qəsəbəyə daxil olanda diqqət çəkən ilk məqam elektrik dirəkləri, yeni çəkilmiş qaz xətləri və bərpa edilən su anbarlarıdır. Bir vaxtlar viranə qalmış küçələr, evlər indi abadlaşır. İlk köç karvanı ilə 10 ailə olmaqla, 39 nəfər doğma yurduna qayıdıb. Onların arasında İslam Dadaşovun ailəsi də var. Prezident İlham Əliyevin qəsəbəyə səfəri zamanı onların evinə baş çəkməsi ailənin sevincini daha da artırıb.