C5+1 sammiti: Mərkəzi Asiya-ABŞ münasibətlərində yeni mərhələ
11.11.2025 [12:39]
Rəsmi Vaşinqton “Heartland”, yəni dünyanın ürəyi hesab olunan Avrasiyada öz mövqelərini möhkəmləndirməyə çalışır. Bu istiqamətdə Mərkəzi Asiya regionu ölkələri ilə münasibətlərin inkişaf etdirilməsi xüsusi əhəmiyyət daşıyır. XX əsrin tanınmış siyasi nəzəriyyəçisi Halford Makkinderə görə, Avrasiyanı idarə edən bütün dünyanı idarə etmək imkanına malik olacaq. Avrasiyanın açarı isə Mərkəzi Asiyadır. Bu nöqteyi-nəzərdən bir neçə gün öncə ABŞ Prezidenti Donald Trampın Mərkəzi Asiya ölkələrinin- Qazaxıstan, Özbəkistan, Tacikistan, Türkmənistan və Qırğızıstan liderləri ilə görüşü xüsusilə önəmlidir. Uzaq Şərqə, Çinə, Rusiyaya, Cənubi Qafqaza, Cənub-Şərqi Asiyaya çıxışı olan Mərkəzi Asiyanın böyük iqtisadi potensialı var.