Azərbaycan Dövlət İnformasiya Agentliyi

Yerli mütəxəssislərin yaratdığı “Micro-SCADA” sistemi ilk dəfə “Xankəndi-1” yarımstansiyasında tətbiq olunub

25.12.2025 [18:54]

Xəbərin mətni

“Xankəndi-1” elektrik yarımstansiyası işğaldan azad edilmiş ərazilərdə 110 kV-luq gərginlik sinfi üzrə tikilmiş ilk qapalı tipli yarımstansiyadır. Burada bütün avadanlıq və qurğular, o cümlədən transformatorlar binanın daxilində yerləşdirilib. “AzərEnerji” ASC-nin İctimaiyyətlə əlaqələr mərkəzinin rəisi Teymur Abdullayev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 110/35/10 kV-luq “Xankəndi-1” elektrik yarımstansiyası Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərin dayanıqlı elektrik enerjisi təchizatı infrastrukturunun yaradılması ilə bağlı tapşırıqlarına əsasən, Xankəndi şəhərində müasir şəhər şəbəkəsi modelinə uyğun tikilib. Xankəndi və ətraf ərazilərin ölkə enerjisisteminə qoşulması üçün Şuşa şəhərindən Xankəndiyə çətin dağlıq və meşəlik relyefdən keçməklə 1,8 kilometri yeraltı kabel olan, ümumilikdə, 11 kilometrlik yüksəkgərginlikli ötürmə xətti çəkilib.