Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Köndələnçay” su anbarları vasitəsilə 6 min hektardan çox əkin sahəsinin suvarılması mümkündür

14.01.2026 [14:10]

Xəbərin mətni

Azərbaycan dövləti ölkənin su təhlükəsizliyinin təmin edilməsi və strateji su ehtiyatlarının idarə olunması istiqamətində genişmiqyaslı layihələr həyata keçirir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdəki zəngin su mənbələrindən səmərəli istifadə məqsədilə “Köndələnçay”, “Xaçınçay” və “Zabuxçay” kimi su anbarları yenidən qurulur, müasir hidrotexniki qurğular inşa edilir. Respublikanın digər bölgələrində də su itkilərinin qarşısını almaq üçün magistral kanalların beton üzlüklərə alınması və yeni su anbarlarının tikintisi prosesi sürətləndirilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə icra olunan bu tədbirlər həm aqrar sahənin dayanıqlı su təminatına, həm də iqlim dəyişikliyi fonunda əhalinin içməli su ehtiyatlarının qorunmasına xidmət edir. Azad olunmuş torpaqların yaşıl enerji zonasına çevrilməsi çərçivəsində bu su anbarları, həm də bərpaolunan enerji istehsalı üçün mühüm təməl rolunu oynayır.