Rəvan Həsənov: XVII Multikulturalizm Qış Məktəbi Azərbaycanın tolerantlıq modelini tanıdacaq
26.02.2026 [11:46]
XVII Beynəlxalq Multikulturalizm Qış Məktəbi Azərbaycanın mədəniyyətlərarası dialoq kontekstində şəhərsalma və memarlıq irsi mövzusuna həsr olunub. Qış məktəbi bir həftə ərzində Bakı şəhərində, eləcə də Quba və Qusar bölgələrində təşkil ediləcək. Qış məktəbində təxminən 18 ölkədən 25-dən çox xarici tələbə iştirak edir. Bu tələbələr öz universitetlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən təşkil olunan və Azərbaycanın tolerantlıq və multikulturalizm modelinə həsr edilmiş fənni dinləyiblər. İştirakçıların əksəriyyəti Azərbaycana ilk dəfə səfər edir. Bunu Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov XVII Beynəlxalq Multikulturalizm Məktəbinin iştirakçılarının Şəhidlər xiyabanını ziyarəti zamanı jurnalistlərə açıqlamasında bildirib.