Deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı qalan sürücü xilas edildi
18.04.2026 [11:53]
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Azsamand” markalı minik avtomobilinin hasara çırpılması nəticəsində yol-qəza hadisəsi baş verib və avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi xilasetmə vasitələrinin köməyi ilə sürücü, 1995-ci il təvəllüdlü Mahmudov Fikrət Habil oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.