Mirhəsən Həsənov: Çernobılda 3 dəqiqəlik rejim var idi...
26.04.2026 [14:58]
1986-cı il aprelin 26-da Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində 4-cü blok sıradan çıxmışdı. Müxtəlif metodlardan istifadə etməklə orada baş vermiş qəzanın qarşısının alınması, fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılırdı. İlkin olaraq partlayış zamanı əraziyə yanğınsöndürənlər daxil oldu və onlar ciddi şüalanma dozası alaraq müxtəlif xəstəliklərə düçar oldular. Onlar oradan dərhal çıxarıldılar. Qəzanın baş verdiyi əraziyə ikinci mərhələdə robotların göndərilməsi planlaşdırıldı. Robotlar əraziyə yaxınlaşan zaman onlar da sıradan çıxdı. Helikopterlər vasitəsilə yuxarıdan müxtəlif maddələr səpilirdi. Lakin qəzanın baş verdiyi sahəyə çatana qədər hamısı əriyirdi və ümumiyyətlə, demək olar ki, yararsız vəziyyətə düşürdü. Bu fikirləri AZƏRTAC -a açıqlamasında "Azərbaycan Çernobıl Əlilləri İttifaqı" İctimai Birliyinin sədri Mirhəsən Həsənov söyləyib.