Professor: Süni texnologiyalar dilin qarşısında aciz qala bilər
07.08.2026 [20:18]
Sosial şəbəkələr informasiya mübadiləsi baxımından geniş imkanlar yaratsa da, Azərbaycan dilinə həm mənfi, həm də müsbət təsir edir. Sosial şəbəkələrdə daha çox zaman keçirmək nitq mədəniyyətinin zəifləməsinə birbaşa zəmin yarada bilər. Axı biz danışmırıq, yazırıq. Xüsusilə də sürətli yazışmalar zamanı şəkilçilərin ixtisar edilməsi, saitlərin təhrif olunması kimi halların şahidi oluruq ki, bu da Azərbaycan dilinin normalarına ziddir. Türk dilləri ailəsinə mənsub olan Azərbaycan dili məhz saitlərin ahəngi üzərində qurulub. Dilimizdə sait, samit səslərin ahəngi var, odur ki, sözləri saitləri təhrif edərək yazmaq olmaz. Azərbaycan dili ahəng qanununa əsaslanan aqlütinativ dildir və onun fonetik, leksik, qrammatik xüsusiyyətlərinin qorunması hər bir vətəndaşın borcudur. Zəngin dil olan Azərbaycan dili sevgi, ünsiyyət, elm, təhsil dilidir, eyni zamanda, 44 gün ərzində hərbin və zəfərin dilinə çevrildi. Bunu Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun Monitorinq və linqvistik təhlil şöbəsinin müdiri, professor Sevinc Əliyeva “Azərbaycan dilinin saflığının qorunması və aktual çağırışlar” mövzusunda konfransın panel sessiyasında çıxışı zamanı deyib.