MƏDƏNİYYƏT


Bakıda təntənəli “Novruz” festivalı

Martın 20-də Bakıda Milli Turizm Təbliğat Bürosunun təşkilatçılığı ilə təntənəli “Novruz” festivalı təşkil olunub. AZƏRTAC xəbər verir ki, “Sabir bağı”nda keçirilən festivala el ağsaqqalı Dədə Qorqudun və Bahar qızının Novruz bayramı münasibətilə xalqımızı təbrik etməsi ilə start verilib. Tədbirdə Novruz personajları - Kosa və Keçəlin maraqlı söhbəti, kəndirbaz və pəhləvanların məharəti, milli geyimli oğlan və qızların rəqsi, respublikanın gənc və tanınmış müğənnilərinin bir-birindən parlaq ifaları bayram əhval-ruhiyyəsini daha da artırıb. Sənətkarlar öz əl işlərini nümayiş etdiriblər. İştirakçılara milli mətbəximizin təamlarını dadmaq imkanı yaradılıb.