SİYASƏT


İordaniya Dövlət Televiziyasında Ulu Öndərin 95, Cümhuriyyətin 100 illiyi ilə bağlı veriliş yayımlanıb

İordaniya Dövlət Televiziyasında Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulmasının 100-cü və ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş geniş veriliş yayımlanıb. AZƏRTAC ölkəmizin İordaniyadakı səfirliyinə istinadla xəbər verir ki, verilişin aparıcısı əvvəlcə Azərbaycanla İordaniya arasında mövcud tarixi dostluq və qardaşlıq münasibətlərindən, möhkəm siyasi əməkdaşlıq əlaqələrindən danışıb. Bildirib ki, iki ölkə arasında 25 il bundan qabaq əsası qoyulmuş diplomatik əlaqələr İordaniya Kralı II Abdullah və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdirilir. Qeyd olunub ki, dövlət başçılarının qarşılıqlı səfərləri, apardıqları danışıqlar və ölkələrimiz arasında imzalanmış sənədlər iqtisadiyyat, ticarət, investisiya, təhsil, turizm və başqa sahələrdə ikitərəfli əlaqələrimizin inkişafına xüsusi təkan verib.