CƏMİYYƏT


Üç gündə Bakıda 600 aviareys həyata keçirilib

“Azərbaycan Hava Yolları” (AZAL) bildirir ki, bütün mülki aviasiya strukturları UEFA Avropa Liqasının finalının keçirildiyi dövrdə ölkəyə gələn qonaqlara və idmançılara yüksək səviyyəli xidmət göstərilməsini təmin edib.

Aeroport mayın 27-dən 30-dək ümumilikdə təxminən 600 reysə xidmət göstərib. Onlardan 57-si çarter reysi, 10-u isə "FlyDubai", "AirArabia", "SCAT", "IsrAir", "Jazeera" və sair kimi aviaşirkətlərin əlavə müntəzəm uçuşlarının payına düşüb.

Azərbaycanın əsas hava limanının sərnişin axını Bakıda Avropa Liqası finalının keçirildiyi dövrdə ümumilikdə təxminən 60 min nəfər təşkil edib. Sərnişin axını və uçuş-eniş əməliyyatları üzrə hava limanının infrastrukturunda yüklənmənin pik vaxtının mayın 30-da müşahidə edilməsi gözlənilir. Gün ərzində Heydər Əliyev Beynəlxalq Aeroportu 164 reysə və 18 mindən çox sərnişinə xidmət göstərəcək. Paytaxtın hava limanından mayın 30-da rekord sayda - 100-dən çox təyyarə uçuş həyata keçirəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır