RƏSMİ


Prezident İlham Əliyev Beynəlxalq Memarlar İttifaqının nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 10-da Beynəlxalq Memarlar İttifaqının prezidenti Tomas Vonyerın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı “Tarixi şəhərlərdə kütləvi turizm” Beynəlxalq Memarlıq Forumunun Bakıda keçirilməsindən məmnunluğunu ifadə edərək, bu tədbirin beynəlxalq əməkdaşlıq baxımından önəmini vurğuladı. Bakının qədim tarixi ənənələrə malik olduğunu vurğulayan Prezident İlham Əliyev bununla bərabər paytaxtımızın sürətlə inkişaf etdiyini və müasir infrastrukturun yaradıldığını qeyd etdi. Dövlətimizin başçısı hazırda ölkəmizin xarici turistlər üçün cəlbedici məkana çevrildiyini qeyd edərək qonaqların sayının durmadan artdığını bildirdi.