İQTİSADİYYAT


Tərtər Olimpiya İdman Kompleksinin tikintisi bu il başa çatdırılacaq

Tikintidə iş icraçısı Atamalı Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. Kompleksdə idmanın müxtəlif növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgücülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilir. Burada, həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar olacaqdır. Fiziki imkanları məhdud tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şəraitin yaradılması planlaşdırılıb. İdman qurğusunun ərazisində min tamaşaçı yerlik stadion, mini futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət-buraxılış məntəqəsi də inşa olunur.