SİYASƏT


Azərbaycanlı deputat AŞPA-nı Ermənistana təzyiq göstərməyə çağırıb

Suriyadan gələn ermənilərin rəsmi İrəvan tərəfindən Ermənistanda deyil, işğal edilmiş Azərbaycan torpaqlarında yerləşdirilməsi ATƏT-in faktaraşdırıcı missiyasının çağırışlarına ziddir və buna son qoyulmalıdır. Ermənistan dövləti suriyalı erməniləri işğal olunmuş Azərbaycan torpaqlarında yerləşdirməklə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinə böyük zərər vurur. Assambleyamızda Avropa Şurasının Baş katibi, AŞPA-nın prezidenti münaqişənin sülh yolu ilə həlli prosesinə zərbə vuran, vəziyyətin daha da gərginləşdirilməsinə səbəb olan addımların dayandırılmasına dair dəfələrlə çağırışlar ediblər. Ermənistanı bu çağırışlara əməl etməyə, Suriyadan gələn ermənilərin münaqişə bölgələrinə köçürülməsinə son qoymağa çağırırıq. AŞPA belə addımlara son qoymaq üçün Ermənistana təzyiq göstərməlidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri AŞPA-da “Suriyada vəziyyət: siyasi həll üçün perspektivlər” adlı məruzənin müzakirələri zamanı nümayəndə heyətimizin üzvü, Azad Demokratlar Qrupunun vitse-prezidenti Qənirə Paşayeva bildirib.