İQTİSADİYYAT


Çindən yola düşən daha bir blok qatarı Azərbaycana çatıb

İyulun 6-da Abşeron Logistika Mərkəzində qatarın qarşılanma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, mərasimdə İqtisadiyyat naziri Şahin Mustafayev, “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov, Sian şəhəri Xalq hökumətinin vitse-meri Qao Qao, Şansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuntanq iştirak ediblər. Layihə bu ilin aprelində Pekində keçirilən 2-ci “Bir kəmər, bir yol” Forumunda “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanovun iştirakı ilə qurumun törəmə şirkəti olan “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə hərəkət edən konteyner qatarlarının təşkili üzrə əməkdaşlıq çərçivəsində baş tutub. Hər iki şirkət cari ildə 30 konteyner qatarı (2460TEU) buraxmağı planlaşdırır.