SİYASƏT


FETÖ-yə dəstək verənlər bilməlidirlər ki, gələcəkdə bu terror təşkilatı onlar üçün də ciddi təhlükəyə çevriləcək

Bu gün FETÖ terror təşkilatına dəstək verən ölkələr bilməlidirlər ki, gələcəkdə bu təşkilat həmin dövlətlər üçün də ciddi təhlükəyə çevriləcək. Fətullah Gülən və tərəfdarlarının yalnız bir fəaliyyət üsulu var. Onlar fəaliyyət göstərdikləri ölkələrdə əhatə dairələrini genişləndirərək həmin ölkələrin idarəetmə sisteminə müdaxilə edirlər. FETÖ-nü qoruyan ölkələr bu təhlükəni nəzərə almalıdırlar.
Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-a müsahibəsində deyib. Diplomat qeyd edib ki, Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdi törətməsindən üç il keçir. Ötən üç il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar aşkarlandı, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı müəyyən olundu. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin – Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.