SİYASƏT


Azərbaycan ikinci dəfə BMT-nin Yüksək Səviyyəli Siyasi Forumuna Könüllü Milli Hesabat təqdim edib

 İyulun 15-də Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu Yorkdakı Baş Qərargahında təşkil olunmuş Dayanıqlı İnkişafa dair Yüksək Səviyyəli Siyasi Forumda Azərbaycan Respublikasının ikinci Könüllü Milli Hesabatı uğurla təqdim olunub və iştirakçı ölkələrin, BMT və digər beynəlxalq təşkilatların nümayəndələri tərəfindən müsbət qiymətləndirilib. Azərbaycan Respublikası Baş Nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov hesabat barədə təqdimatla çıxış edərək, son dövrlərdə ölkəmizdə inklüziv və bərabər keyfiyyətli təhsilin təmin edilməsi, dayanıqlı iqtisadi artımın, tam və səmərəli məşğulluğun, layiqli işlə təmin olunmanın dəstəklənməsi, “heç kimin geridə qalmaması” prinsiplərinə əsaslanaraq əhalinin həssas təbəqəsinin sosial vəziyyətinin yaxşılaşdırılması, iqlim dəyişikliyi və onun təsirlərinə qarşı mübarizə üzrə fəaliyyətin tənzimlənməsi və məhkəmə-hüquq sistemində aparılan islahatların dərinləşməsi barədə ətraflı məlumat verib.