İQTİSADİYYAT


Bakıda mənzil bazarında qiymətlər necədir – Son 7 ayın rəqəmləri

2019-cu ilin 7 ayı ərzində mənzil bazarında qiymət azalması müşahidə edilib. Bu qiymət azalması əsasən ilkin mənzil bazarında 5 faizə yaxın olub. 

Nüsrət İbrahimov, daşınmaz əmlak üzrə ekspert

“2018-ci ildə isə həm təkrar mənzil bazarında, həm də ilkin mənzil bazarında qiymət artımı müşahidə etmişdik. Amma qiymət artımı daha çox ilkin mənzil bazarında müşahidə edilmişdi. Ona görə də, bu il ilkin mənzil bazarında qiymətlərdə bir qədər geriləmə müşahidə edilir ki, öz əvvəlki mövqeləri bərpa olunsun. 2018-ci ildə intensiv qiymət artımı bazarda alıcı kütləsini bu seqmentdən küsdürmüşdü. Ona görə də, ilkin mənzil bazarında xüsusən tikinti şirkətləri satışın həcmini artırmaq üçün qiymətlərdə müəyyən güzəştlərə getməli olurlar. Həm ilkin, həm təkrar mənzil bazarında sabit struktur ilə isə qiymət artımı müşahidə olunur”.

MBA konsaltinq şirkətinin rəhbərinin bildirir ki, sabit struktur üzrə qiymətlər 3 faizə qədər artıb. Bu əsasən təkrar mənzil bazarına aiddir. Bahalı mənzillər isə 1 faizdən artıq ucuzlaşıb.

 Nüsrət İbrahimov, daşınmaz əmlak üzrə ekspert

“Bu onunla bağlıdır ki, 2011-2017-ci illərdən fərqli olaraq son 2 ildə bu bahalı, elit, VİP evlərə alıcıların marağı azalıb. Son illərdə belə evlərin tikintisi də nəinki azalma, sıfıra enib. Tikinti şirkətləri bahalı mənzillərin tikintisində maraqlı deyillər. Çünki onlar artıq başa düşürlər ki, bazarda bu gün əsas alıcı kontingenti azvə orta təminatlı ailələrdir. Onlar da daha çox bank krediti ilə bu mənzilləri almağa üstünlük verirlər. Kim ki, bahalı mənzil almaq iqtidarındadır onların artıq mənzilləri var”. 

Ekspertin sözlərinə görə, sentyabr ayında isə kirayə mənzil bazarında artım müşahidə olunacaq. Bu artım iyulun sonları, avqustun əvvəllərindən müşahidə olunmağa başlayıb.