İQTİSADİYYAT


Lizinqlə avtomobil almaq sərfəlidirmi – ARAŞDIRMA

Avtomobil almaq istəyənlər ödəniş zamanı uzunmüddətli möhlət imkanı verən münasib yollar axtarırlar. Bank krediti ilə yanaşı, bu yollardan biri də lizinq xidmətidir. Azərbaycandakı lizinq şirkətlərində ilkin ödəniş faizləri 20-50 arasında dəyişir. İllik faiz rəqəmləri isə avtomobilin islehsal ilinə, manat və ya dollar olmağına görə minimum 24, maksimum 40 ola bilər. Bundan başqa, lizinqə alınan avtomobil alanın deyil, şirkətin mülkiyyətində qalır. Buna görə də aylıq ödəniş gecikdikdə avtomobil avtomatik olaraq şirkət tərəfindən deaktiv edilə bilər.

Bakı sakini Elşad Mətləboğlu da lizinqlə avtomobil alıb. Deyir ki, kreditlə alınan avtomobilin qiymətində, eləcə də aylıq ödənişlərində lizinq arasında böyük fərq yoxdur.

Elşad Mətləboğlu, Bakı sakini

Maşının maya dəyəri 14 800 idi. Mən 4 illik, ilkin ödəniş 5000 ödəməklə 19 800-ə aldım. Mən onu tez də bağladım, heç nə dəyişmədi. Amma kreditdə o formada deyil. Kreditdə tez ödədikcə faiz enir. Lizinqin sərfəli tərəfi odur ki, insan özündə məsuliyyət hiss edir və hər ay məcburi şəkildə aparıb ödəniş edir. Mənfi tərəfi də ondan ibarətdir ki, ola bilər ki, maaş və ya alacağın pul biraz gecikə bilər, amma lizinq buna məhəl qoymur. Maşını gecikən gündən deaktiv edir”.

Ekspertlər hesab edir ki, Azərbaycanda lizinq faizləri qabaqcıl ölkələrlə müqayisədə 3 dəfəyə qədər çoxdur. Bu şirkətlərin təklif etdiyi şərtlər, demək olar ki, istehlakçılar üçün sərfəli olmadığı üçün onlar digər üsullardan istifadə etməyə üstünlük verirlər. İqtisadçı ekspert Elşad Məmmədov bildirir ki, lizinq iqtisadi proseslərin sürətlənməsi və istehlakçıların sosial vəziyyəti baxımından effektli mexanizmdir. Amma ölkədəki lizinq şirkətlərinin təklifləri və bazarda onların məhdud sayda olması bu sahənin irəli getməsini ləngidir.

Elşad Məmmədov, iqtisadçı ekspert

Dünya təcrübəsi göstərir ki, lizinqdən istifadə daha çox istehlakçılar üçün sərfəli olur. Amma eyni zamanda həcmin artırılması həm də həmin şirkətlərə üstünlüklər verir. Çünki daha çox istehlakçının lizinq prosesinə cəlb olunması hesabına bazar faktiki olaraq genişlənir. Bunun həm sosial mənası, həm də iqtisadi mənası var.

Ekspertin sözlərinə görə, lizinq bir çox ölkələrdə həm istehlakçılar, həm də biznes üçün cəlbedici vasitədir.

Elşad Məmmədov, iqtisadçı ekspert

Əgər lizinq təklif edən şirkətlər münasib şərtlər irəli sürsələr, hesab edirəm ki, tələbat çox böyükdür. Əksər hallarda lizinqdə söhbət yüksək texnoloji  məhsullardan gedir və belə məhsulların lizinqlə əldə olunması kredit və digər variantlardan daha üstündür. Bunun dinamik şəkildə inkişaf etməməsi onu deməyə əsas verir ki, ilk növbədə problem şirkətlərdədir.

Beləliklə, lizinq və kredit arasında əsas fərqlər nədən ibarətdir: lizinqdə ödənişdə gecikməyə görə cərimə tətbiq olunmur, əvəzində isə alınan avtomobildən istifadə məhdudlaşdırılır. Aylıq ödənişləri vaxtından əvvəl etdikdə faiz dərəcəsi azalmır. Faizlərin dərəcəsinə gəldikdə isə lizinq şirkətlərinin təklifləri bankların kredit şərtlərindən, demək olar, çox az fərqlənir. Buna görə də ekspert Azərbaycanda lizinqlə bağlı qanunvericiliyin və icra mexanizmlərinin təkmilləşməsinə ehtiyac olduğunu bildirir.