İQTİSADİYYAT


Şəhərkənarı kirayə mənzil bazarı canlanır - Ekspert

Kirayə mənzil bazarında zonalar üzrə tələbatda və qiymətlərdə dəyişikliklər baş verir. Aktivlik mərkəzdən şəhər kənarına doğru hərəkət edir. Tələbələrin gəlişi ilə əlaqədar avqustun sonları və sentyabr ayı isə kirayə mənzil bazarında xüsusi canlanma yaradır.
Əmlak bazarı üzrə ekspert Nüsrət İbrahimli bildirir ki, ümumiyyətlə kirayə mənzil bazarının əsas istehlakçıları tələbələrdir. Onun sözlərinə görə, paytaxtda aparılan tikinti işləri kirayə mənzil bazarına təsir edib.

Nüsrət İbrahimli, əmlak bazarı üzrə ekspert

“Sovetski, Xutor, Kubinka, Alatava kimi ərazilər üstünlük təşkil edirdisə, son bir neçə il ərzində bu ərazilərdə söküntünün həcmi artdığından kirayə mənzil tutmaq istəyənlər Yeni Yasamal, mikrorayon, Badamdar ərazilərinə üz tuturlar”.

Ekspert əlavə edib ki, yeni tikililərdə də mənzil kirayələməyə maraq göstərənlər var. Amma bu, binanın yerləşdiyi ərazidən daha çox asılıdır.

Nüsrət İbrahimli, əmlak bazarı üzrə ekspert 

“Bunlar baha qiymətə olduğundan ümumi tələbə kontingentinin tələblərinə bir çox hallarda cavab vermir. Bu baxımdan tələbələr yaxın ərazilərdən uzaq ərazilərə köçürlər. Məsələn, əvvəllər tələbələr Əhmədli və 20-ci Sahəyə maraq göstərmirdilər. Amma son dövrlər maraq artıb”.

Ekspert qeyd edib ki, kirayə mənzil bazarına olan tələbat şəhərin mərkəzi hissələrindən şəhərkənarı zonaya keçib. Onun sözlərinə görə, bu zonada aktivliyin yüksəlməsi qiymətlərin də artmasına təsir göstərib.