SİYASƏT


Elmar Məmmədyarov: Macarıstanın Türk əməkdaşlıq təşkilatları ilə sıx münasibətlər qurmaq niyyəti təqdirəlayiqdir

Azərbaycan Respublikası Xarici İşlər naziri Elmar Məmmədyarov Budapeştdə Türk Şurası nümayəndəliyinin açılış mərasimində iştirak edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Elmar Məmmədyarov açılış mərasimindəki çıxışında bildirib ki, Macarıstanın Budapeştdə Türk Şurası nümayəndəliyinin təsis edilməsi barədə öhdəliyi ilk olaraq Baş Nazir Viktor Orbanın Türk Şurasının Qırğızıstanın Çolpan-Ata şəhərində keçirilmiş 6-cı Zirvə toplantısında səsləndirdiyi və Türk qardaşlığını vurğulayan çox səmimi ismarışlarında irəli sürüldü. Zirvə görüşü zamanı Macarıstanın təşkilatda müşahidəçi statusu əldə etməsi Türk Şurasının genişləndirilməsi baxımından tarixi bir hadisə oldu. Böyük bir etimadla təsdiq edə bilərik ki, müşahidəçi statusunu aldıqdan qısa müddət sonra Macarıstan Türk Şurası və onun üzv dövlətləri ilə əməkdaşlığı inkişaf etdirmək əzmini nümayiş etdirdi.