İQTİSADİYYAT


Paytaxtın Zərgərpalan küçəsində təmir işlərinə başlanılıb

Yasamal rayonu, Zərgərpalan küçəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmir işlərinə başlanılıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təmir işləri küçənin 750 metrlik hissəsini əhatə edib. Küçənin sözügedən hissəsinin uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar edilməsi nəticəsində yolboyu çalalar və torşəkilli çatlar əmələ gəlmişdi. Bu isə gediş-gəlişdə problemlərə səbəb olurdu.
Hərəkət hissəsinin eni ortalama 6 metr olan küçəboyu aparılan təmir işləri çərçivəsində köhnə asfalt beton örtüyünün üst qatı frezlənərək kənara daşınır, köhnə səki daşları sökülür, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri bərpa olunur.