İQTİSADİYYAT


“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi bir həftə ərzində sərnişinlərin istifadəsinə veriləcək

Bakı Nəqliyyat Agentliyinin “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzinə media-tur təşkil olunub. BNA-nin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, Heydər Əliyev və Ziya Bünyadov prospektlərinin kəsişmə nöqtəsi, Böyükşor qovşağı, eləcə də metronun “Koroğlu” stansiyasının yaxınlığındakı bu Nəqliyyat Mübadilə Mərkəzi ilk HUB olaraq 2016-cı ildə təşkil edilib. Pilot layihə olaraq mərkəz əvvəlcə yüngül konstruksiyalardan hazırlanmışdı. Lakin sonradan əhalidən gələn müraciətlərlə əlaqədar “Koroğlu” HUB 2019-cu ildə əsaslı şəkildə yenidən qurulub və burada müasir nəqliyyat infrastrukturu yaradılıb. Burada dörd platformadan ibarət avtobus terminalı inşa edilib. Platformalarda müasir informasiya texnologiyaları avadanlığı, havalandırma sistemi ilə təchiz edilmiş 10 gözləmə zalı var. Gözləmə zalları Azərbaycanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət, tarix, idman sahələrində əldə etdiyi uğurları, zəngin dəyərləri əks etdirən yazılı və qrafik məlumatlar əsasında tərtib edilib. Hər bir zalda maarifləndirici məlumatlarla yanaşı, kitab rəfləri də quraşdırılıb. Gözləmə zalları ilə yanaşı, mərkəzdə 5 köşk, 1 idarəetmə otağı, tibb məntəqəsi, ana və uşaq otağı inşa edilib. Zallar içməli su ilə də təmin olunub. Ətraf kənd və qəsəbələri şəhər mərkəzi ilə birləşdirən 30 müntəzəm marşrut xətti üzrə 430-a yaxın avtobusun fəaliyyət göstərdiyi mərkəzin xidmətlərindən gün ərzində 270 min nəfərə yaxın sərnişin istifadə edəcək.