CƏMİYYƏT


Ölkəmizə idxal olunan bütün qida məhsulları AQTA tərəfindən risk əsaslı nəzarətə cəlb edilir

Oktyabrın 29-da Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) jurnalistlər üçün Heydər Əliyev adına hava limanında yerləşən Bakı Karqo Terminalına infotur təşkil edib. Jurnalistlərin iştirakı ilə məhsul gömrük ərazisinə daxil olduqdan sonra gömrük orqanı və AQTA əməkdaşları tərəfindən məhsullara baxış keçirilib. Məlumat verilib ki, məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq müxtəlif nəzarət tədbirləri həyata keçirilir. Risk əsaslı yanaşmada 3 meyar əsas götürülür: məhsulun risk səviyyəsi, ixracatçı ölkənin qida təhlükəsizliyi sisteminin göstəriciləri və idxalçının uyğunluq tarixçəsi. Belə ki, ilk olaraq məhsulu müşayiət edən müvafiq sənədlər yoxlanılır. Sənədlər qaydasında olduğu təqdirdə məhsul partiyası identiklik və ya eynilik yoxlamasından keçirilir. Yəni sənədlərdə bəyan edilmiş məhsulla faktiki idxal olunmuş məhsulların eyniliyi yoxlanılır. Bundan sonra məhsulların risk səviyyəsinə uyğun olaraq tələblərə cavab verməsini yoxlamaq məqsədi ilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilir. Laboratoriyada məhsullar minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə uyğun olaraq müayinə edilir, nəticələr normativ texniki sənədlərin tələblərinə cavab vermədiyi halda, məhsul geri qaytarılır, məhv edilir və ya utilizasiya olunur. Qeyd olunub ki, cari ilin 9 ayı ərzində 24000 kq yararsız ət məhsulu ixracatçı ölkəyə geri qaytarılıb, 16 müraciətə (karantin tətbiq edilən orqanizmin aşkarlanması ilə bağlı) imtina verilib. Aşkar olunan karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq 105572 kq məhsul məhv edilib, habelə 925.4 ton məhsul müxtəlif üsullarla (fumiqasiya, termik emal, ələnmə və s.) zərərsizləşdirilib. Nəticələr uyğun olduğu təqdirdə məhsullara qida təhlükəsizliyi sertifikatı verilir ki, həmin sənədlə sahibkarlar idxal etdikləri məhsulları ticarət dövriyyəsinə daxil edə bilirlər. Qeyd edək ki, bu ilin ilk 9 ayı ərzində 19997 qida təhlükəsizliyi sertifikatı verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır