SİYASƏT


Prezident İlham Əliyev: Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil

Bakı şəhərinin nadir, özünəməxsus, tarixi memarlıq siması var. Bu, bizim böyük sərvətimizdir və hər bir tarixi binaya böyük diqqətlə yanaşılır.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 4-də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən deyib.
Dövlət başçısı bildirib: "O binaların təmiri gərək elə aparılsın ki, onların tarixi görkəmi pozulmasın. Bəzi hallarda tarixi binaları sökürlər, onların yerində eybəcər hündürmərtəbəli binalar tikirlər. Buna yol vermək olmaz. Bakının memarlığı bizim milli sərvətimizdir. İçərişəhər UNESKO tərəfindən qorunur. Deyə bilərəm ki, dünyada o qədər də çox şəhərlər belə qədim İçərişəhər kimi şəhərlərlə öyünə bilməz, bu, bizim böyük sərvətimizdir. Eyni zamanda, şəhərin hər bir yeri abad olmalıdır. Bəzi yerlərdə ümumiyyətlə, küçə işıqları yoxdur, qəsəbələrdə, bir çox yerlərdə torpaq yollar var. Mən artıq bu barədə Azəravtoyol Agentliyinə ciddi tapşırıq vermişəm, siz də nəzarət edin. Yəni, şəhərin hər bir yeri bizim üçün əzizdir. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyil. Biz şəhərin infrastrukturunu, ilk növbədə, vətəndaşlar, ondan sonra turistlər, xarici qonaqlar üçün yaradırıq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır